Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) 2025-ci il büdcələrinə rəy verib.

Mia.az Palataya istinadla xəbər verir ki, sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. iclasda müvafiq qanun layihələrinə Palatanın Rəyləri müzakirə olunub.

Bildirilib ki, Rəylərin hazırlanmasında məqsəd büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc istiqamətləri üzrə tərtib edilmiş proqnoz göstəricilərinin əsaslılığının və nəzərdə tutulan sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğunun, büdcə layihələrinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməsi vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.

Müzakirələrdə Rəylərin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəylərin təsdiq olunması və Milli Məclisə göndərilməsi barədə qərar qəbul olunub.