Azərbaycanda saxta və yararsız yuyucu vasitələr, şampun, maye sabun və digər məhsulların istehsalında təqsirli bilinən müəssisə rəhbəri Rövşən İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 Məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

 Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rövşən Nəriman oğlu İsmayılov “Era”, “Eko”, “Təmiz”, “Alfa” yuyucu vasitələri, “Herbal”, “Jolie”, “Payt”, “Spark” nişanlı saç şampunu, “Subrina” nişanlı duş geli,  “Lux”, “Aysberq”, “Lux Era” nişanlı maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib. Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232.750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldadmaqda ittiham edilib. Həmin məhsullar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılıb. Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib. Məhkəmənin qərarı ilə iş adamı 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmü çıxarılıb. Həmçinin müxtəlif ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib. Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 48618 manat, 46198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rövşən İsmayılova Cinayət Məcəlləsinin 200.2.3, 308.2 maddələri üzrə bəraət verilib, CM 29, 200.2.3-cü maddələri üzrə birinci instansiya məhkəməsinin hökmü qismən ləğv olub(Pravda)