Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən MİA.AZ-A bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.

Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.