Nazirlər Kabineti Prezident İlham Əliyevin “Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun sərəncamına əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının prezident sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi isə Ədliyyə Nazirliyi, SOCAR və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, “Azərkontrakt”ın digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Maliyyə Nazirliyi və SOCAR-la birlikdə “Azərkontrakt”ın daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-nə qədər təmin edilməsi üçün zəruri tədbirlər görməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Energetika Nazirliyi “Azərkontrakt”ın mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 15 müddətində İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, SOCAR-ın və “Azərkontrakt”ınn nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, SOCAR və “Azərkontrakt” komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini 3 gün müddətində Energetika Nazirliyinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə 6 ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik, eləcə də Sənaye və energetika şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.