"ABŞ dolları dünyadakı digər ölkələrə qarşı bir silah kimi istifadə edir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən 16-cı BRİKS Liderlər Zirvə toplantısındakı çıxışında söyləyib.
Pezeşkian bildirib ki, ABŞ digər ölkələrə nəzarət etmək üçün dollardan daha çox yararlanır: "Dünya BRİKS-ə dolların gücünü zəiflədəcək və özünün vahid valyutalarını dövriyyəyə buraxacaq bir təşkilat kimi baxır. BRİKS-ə üzv ölkələr enerji, ərzaq məhsullarının ən böyük istehsalçısı və istehlakçısıdır. Üstəlik, ən vacib nəqliyyat və tranzit xətlərinəs ahib olması vahid valyutalardan istifadəni asanlaşdırır. BRİKS-ə üzv ölkələrin müvafiq qurumları iqtisadi və ticari əməkdaşlığın artırılmasında daha sürətli hərəkətə keçmələri üçün operativ istiqamətləndirilməlidir. Bundan əlavə, üzv ölkələr Qərbin iqtisadi sanksiyalarına qarşı ortaq mexanizmlər formalaşdırmalıdır. Təcrübə və bilikləri paylaşaraq birgə investisiyalar vasitəsilə yeni texnologiyalara nail olunmalıdır. Bu, artıq Qərbin hücumlarına qarşı qaçılmazdır. Eyni zamanda, BRİKS-in təməlində yaradılan Yeni İnkişaf Bankının (NDB) gücləndirilməsi, banka yeni təsisçilərin qəbulu və kapitalın artırılması, beləliklə də üzv ölkələrin infrastruktur işlərinə dəstək verilməsi prosesi sürətlənməlidir".
Xatırladaq ki, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yanaşı, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası kimi ölkələrin iştirakı ilə bu il üzvlərinin sayı 9-a yüksələn BRİKS-ə Azərbaycan və Türkiyə də üzv olmağa can atır.
Firudin Səfərli
MİA.AZ