ƏLİ BAĞIŞ

***

Babamın dayısı oğlu Azadxanın qızı idin. Anan Səmiyyə bibi Atamı (6 aylıqdan yetim qalıb) əmizdirmişdi. Atam xətrini çox istəyirdi. Həmin sevginin davamını olduğu kimi bizlərdən də gözləməyə haqlı idin.

Amma kommunikasiya vasitələri (mobil telefon, skayp, votsapp, və s.) artdıqca, yollar düzəldikcə, maşınlarımızın rahatlığı və sürəti artdıqca biz insanlar bir-birimizdən uzaqlaşdıq, Gülənaz bibi...

14 yanvarda, böyük bacım doğulan gün dünyanı dəyişdin.

Bu dünyada(n) nə gördün axı?!

Müharibə dövründə doğulan uşaqların ortaq taleyini yaşadın.

Geyim yox, yemək yox, işıq yox, qaz yox.

İnək sağmaqdan, ot-ələf yığmaqdan, tövlə atmaqdan, yer belləməkdən, təndir yandırıb, bir ovuc qara unu bişirməkdən, kərmə yapıb evdəki buxarıda yandırmaqdan cod-cod, qabar-qabar olan Ananın əlləri sənin başına sığal çəkib "mənim gözəl balam, şirin-şəkər balam, gül balam" dediyi, oxşadığı olubmu, görən? Yadında qalıbmı heç?!

(Axı evin ikinci qızı idin...

Bizlərdə nəinki ikincini, heç birinci qızları da sevmirlər ki...

Üçüncüdə isə eybəcər adlarımız başlayır:

Bəsti, Qızbəs, Qızqayıt, Yetər, Qızyetər. Müasirlərimiz isə lap gül vururlar, Songül adı verirlər.

Elə bil ki, bu bədbəxtlər özləri özlərini dünyaya gətiriblər...)

Amma gözəl olmağına gözəl idin, Gülənaz bibi...

Cəmi 4 sinif oxudun. Sonra Anan yazığın çəkdiyi zülmləri çəkməyə başladın.

Günəş doğandan batana kimi.

Bir də gözünü açdın ki, gəlin atı qapınızdadı.

"Gəlinatlandı"yla ər evinə-gor evinə getdin.

Xoşbəxt haçan oldun ki, Gülənaz bibi?!

Yəqin, ANA olanda!

(Təbrizli Rəhman vardı!

Qarmon ustası.

Segah çalardı!

Ağlaya-ağlaya! Və deyərdi, şirin, şipşirin Təbriz ləhcəsində deyərdi:

- Qulaq as, ay Ana, səninçün çalıyam!

Yazıqsan, ay Ana, yazıq. Yazıqsan ki, Qadınsan! Yazıqsan ki, Anasan! Yazıqsan ki,Türksən! Başlayardı ağlamağa! Anası Təbrizdə, özü Avropada idi! Anasının üzünü görmədi... (Ay Rəhman əmi, guya talış, kürd, ləzgi, ərəb, fars Anası xoşbəxtdimi? Müsəlman Anası xoşbəxtdimi?!))

  Yəqin, bir də oğul toyunda xoşbəxt olmuşdun!

   Sırtıq xanəndələrimiz “Gəlsin xələt versin bəyin Anası”nı uca səslə, dayanmadan təkrarlayanda.

Sən də gecə-gündüz çalışdığın sovxozun zəhərli-kükürdlü  üzüm bağlarındakı əməkgünündən topladığın,  "Oğlumun toyunda başıma atacam" dediyin, rublla aldığın tirmə şalını elə həmən gün sandıqdan çıxarıb, yelləmə atıb əlində xonça çalğıçıların stoluna getdiyin vaxt xoşbəxt olmuşdun!

Bir də Məşhədi, Kərbəlanı ziyarət etdiyin vaxt!

Başqa haranı gəzdin, hansı dünyanı gördün ki, Gülənaz bibi?!

Gördüyün bir İranda Məşhəd oldu, İraqda da Kərbəla!

Vəssalam!

Onda da ölü imamlardan kömək istədin:

- Ya imam Rza, ya imam Hüseyn, ya Əbəlfəz, Qarabağın od-alovundan hamının balasını saxla, mənim balalarım da onların içində!

Anamın dediyi duanı bütün Adnalı Anaları kimi, Sən də təkrarlamışdın:

- “Məni it elə, balalarımı da küt (bizdə, kənddə Analarımız təndirə çörək yapanda çörəyin biri və ya ikisi mütləq təndirin közünün üstünə düşərdi. Ona indi də elə küt deyirik.O, itlərimizin idi), at ağzıma!”

Belə dua, belə deyim, belə övlad sevgisi hansı millətdə var axı, İlahi?!

    Məndən incimişdin! Elə şax üzümə də dedin:

- Sən mənim dayım balasısan, simsarımsan! Hamının balasına iş düzəltdin, mənim yetimimə yox! Hacı (yəni Atam) sağ olsaydı, belə olmazdı. Oddan kül törəyər! Elə düz deyib atalarımız!”

Susdum. Heç nə deyə bilmədim!

Deyə bilmədim ki, övladlarının sənəti yoxdu!

Deyə bilmədim ki, ay gözəl bibim, sən Finlandiyada, Almaniyada, Hollandiyada, Norveçdə, Sinqapurda, Danimarkada doğulsaydın,120 manat pensiyaya möhtac olmaz, heç kimə ağız açmazdın axı...

Ruhlar dünyasının qapıları açılandan sonra sorğu-sual mələkləri öncə kompüterlərində yeni gəlmişin məlumatlarına baxacaqlar.

Sənin Azərbaycandan gəldiyini, müsəlman olduğunu görən kimi, yəqin, belə deyəcəklər:

- Bu insanlar zülmlə yaşayıb, cəhənnəm əzabını görüblər!

Bunun da ruhunu göndərin Finlandiyaya, oranın göylərinə! (Hazırda dünyanın ən xoşbəxt ölkəsi!)

İnsanın insan olduğu, insana insan dəyəri verildiyi ölkəyə. Qoy heç olmasa ruhu da olsa, xoşbəxt olsun!...

Bəlkə də, “Cənnət Anaların ayaqları altındadır” deyimi elə bu imiş, Gülənaz bibi...

Orda, o göylərdə ruhlarıyla görüşəcəyin Anama, Bacıma, bu millətin bütün bədbəxt qadınlarına de:

Biz kişiləri - Ataları, ərləri, oğulları, qardaşları bağışlayın, Allah xatirinə bağışlayın!

Bağışlayın, biz zalımları, biz acizləri...

FB

16.01.2020

SQD

MİA.AZ