"Cənubi Qafqaz üçün ən böyük təhlükə xarici qüvvələrin müdaxiləsidir".
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də İstanbulda "3+3" formatında XİN başçılarının üçüncü iclasının yekunlarına dair açıqlamasında deyib.
Onun sözlərinə görə, ən böyük təhlükə ondan ibarətdir ki, regiondankənar oyunçular burada öz şərtlərini diktə etməyə, öz sxemlərini tətbiq etməyə çalışırlar: "Bu sxemlər regionun problemlərini burada yerləşən bütün ölkələrin maraqları naminə həll etməyə deyil, NATO-nu buraya yönəltməyə, blok proseslərini inkişaf etdirməyə, öz imkanlarından təzyiq rıçaqları kimi istifadə etməyə yönəlib".
***
Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadəni təklif edib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu regional platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik", - o bildirib.
Nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının tamamlanması üçün hansı platformanın ən yaxşı olduğu sualına cavab olaraq deyib: "Razılaşmaq mümkün olan platforma".
"Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, "3+3" platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və İrəvan həll etməlidir", - o bildirib(Report).
MİA.AZ