TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN – 1500166751) olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Avromed Company” QSC TƏBİB-ə hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri satacaq və qarşılığında 79 min 804 manat 58 qəpik ödəyəcək.

Bundan başqa, “Avromed Company” QSC Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin keçirdiyi 1 milyon 293 min 44 manat 68 qəpik dəyərində tender müsabiqəsində də qalib olub.

“Avromed Company” QSC 2024-cü il ərzində TƏBİB və Səhiyyə Nazirliyinə bağlı müxtəlif qurumların keçirdiyi 110 milyon manatlıq tender müsabiqələrində qalib olub.

Məlumat üçün bildirək ki, 57 min manat nizamnamə kapitalı olan “Avromed Company” QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov 2022-ci ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Bundan əvvəl şirkətin direktoru Kamran Aqasi olub. Bu şəxs 2020-ci ilin mart ayının 10-dan etibarən “Avromed Company” QSC-yə rəhbərlik edib. Kamran Aqasi həm də ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr. ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.

Qeyd edək ki, “Avromed Company” QSC-nin daha əvvəl millət vəkili Cavanşir Feyziyevə məxsus olduğu bildirilib.

Qeyd olunur ki, Cavanşir Feyziyev 2016-cı ildə isə “Avromed” şirkətindəki səhmlərini satıb.

Onu da bildirək ki, İnnovasiya və Təchizat Mərkəzi ötən gün millət vəkili Cavanşir Feyziyevin 1994-cü il təvəllüdlü oğlu Cavanşir Orxana məxsus 12 552 kv. metr olan ofis və anbar sahəsini bir il müddətinə (17.09.2024-17.09.2025) icarəyə götürüb və icarə haqqı olaraq 1 milyon 176 min manat (1 kv. metr – 94 manat) ödəyəcək.

MİA.AZ