Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mia.az
Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin iştirakı mümkün olmayıb.

Bu səbəbdən proses 2 həftəliyə təxirə salınıb. Yada salaq ki, bundan əvvəl də keçirilən bir neçə prosesə Hüseyn Abdullayev sağlıq durumuna görə qatılmayıb.

Sonrakı proseslərə o, saxlanıldığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulurdu. Hüseyn Abdullayev proses boyunca başını önündəki masanın üstünə qoymaqla diqqət çəkirdi. Məhkəmə prosesi keçirilən müddətdə təcridxanada onun yanında vəkilləri iştirak edir.

Onun vəkillərindən biri Şəhla Hümbətova deyib ki, Hüseyn Abdullayevin durumu ağırdır, məhkəməyə qatılmağa halı yoxdur. Məhkəmənin hazırlıq iclasında qərar verilmişdi ki, Hüseyn Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülsün, onun sağlıq durumu ilə bağlı rəy hazırlanıb, məhkəməyə təqdim olunsun.
Vəkillərin dediklərindən məlum olmuşdu ki, sabiq deputat müalicə müəssisəsinə köçürülsə də, orada cəmi 1 gün saxlanılıb və istintaq təcridxanasına qaytarılıb. Şəhla Hümbətova deyib ki, hazırlıq iclasında Hüseyn Abdullayevin mülki xəstəxanada özü seçdiyi həkim tərəfindən müayinə olunmasına dair vəsatət veriblər. Vəsatət qismən təmin olunsa da, faktiki icra olunmayıb.

Hüseyn Abdullayevin digər vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin durumu ağır olduğundan təcili tədbir görülməsi üçün Avropa Məhkəməsi Qaydalarının 39-cü bəndi əsasında Strasburqa məktub göndəriblər. Artıq Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında yazışmalar başlanıb. Hökumət sorğu əsasında 189 vərəqdən ibarət sənədlər göndərib. Vəkil Cavad Cavadov vurğulayıb ki, həmin sənədlər də Hüseyn Abdullayevin sağlamlığındakı problemləri təsdiqləyir.
“Keyfiyyətli müdafiə hüququ, ilk növbədə, şəxsin özünə bağlı hüquqdur. Əgər şəxs sağlam deyilsə, özünü müdafiə edə bilmirsə, vəkillərin onu müdafiə etməsinin əhəmiyyəti olmayacaq”, - bunu isə Hüseyn Abdullayevin digər vəkili Ceyhun Yusifov deyib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-ə təyin olunub.

MİA.AZ