Ərəb Liqası İsrail ordusunun Livana hücumu ilə bağlı daha bir bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeytin imzaladığı bəyanatda İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyə bələdiyyəsinə endirdiyi hava hücumu qınanıb.

Bəyanatda İsrailin hava zərbəsində Nabatiye Bələdiyyə sədri və humanitar yardım fəaliyyətləri həyata keçirən bəzi könüllülərin də olduğu bir çox insanın həyatını itirməsindən dərin kədər hissi ifadə olunub: "Bu, İsrailin mülki əhalini və infrastrukturu hədəf almasının bariz təsdiqidir. İsrailin Qəzza zolağındakı vəhşi ssenarini Livana köçürməsinin qarşısını dərhal alınmalıdır"

Bəyanatda Qəzzada ağlasığmaz cinayətlərə diqqət çəkilib, eyni halın Livanda da davamına beynəlxalq ictimaiyyətin səssiz qalmasının qəbuledilməz olduğu da vurğulanıb.

Xatırladaq ki, Nəbatiyə Bələdiyyəsi və Bələdiyyələr Birliyinin binalarının bombalanması nəticəsində 6 nəfər ölüb, 43 nəfər yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ