Akademik İsa Həbibbəyli haqqında danışmaq mənimçün çox çətindir. “Danışmağ”ın yerinə “yazmaq” sözünü yazmağım qədər çətin…

Üst-üstə dörd-beş dəfə təkbətək görüşmüşük, ya da görüşməmişik. Heç bir stəkan çay da birgə içməmişik. Bunu sözgəlişi İsa müəllimin özü də mənə zarafatla dörd-beş dəfə deyib. Hər dəfə söyləyəndə nədənsə Lənkəran çayına sevgim birə-beş artıb…  

Bizi birləşdirən Mirzə Cəlildir. Fəxarətlə deyə bilərik ki, ikimiz də Cəlilçiyik. 

“Mirzə Cəlil yanğısı” kitabımı işləyərkən sözlə ifadəsi olmayan qəribə hallar yaşayırdım və onları yazıya almamaq mümkün deyildi. “Xatiratım”da qəfil gözümə sataşan bu fikirlər isə məni lap sarsıtdı: “Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndələrimizdə qəribə hallar görərdim və gördüklərimizi yazıya götürərdim”. 

Mirzə Cəlilin bütün yaradıcılığı o qəribə halların, “irreal” situasiyaların proyeksiyasıdır. Təbii ki, bizim yaşadığımız halla Mirzənin gördükləri hallar arasında yerlə göy qədər fərq vardır. Amma kim zəmanət verə bilər ki, yerlə göyün görünməyən bir küncündə məni İsa müəllimlə görüşdürən də məhz həmin metafizik hallar olmayıb? Demək, on illərdir Mirzə qabağımıza düşüb bizi görüşdürürmüş…

Əgər belə olmasaydı, altı-yeddi il əvvəl reallıqda hələ üzünü görmədiyim, görüşüb əlini sıxmadığım, ancaq Cəlilşünas kimi tanıdığım İsa Həbibbəyli haqqında intuitiv olaraq aşağıdakı sözləri yaza bilməzdim: “Əsrdaşımız, çağdaşımız olan bu fədakar alim haqqında düşünərkən, müqayisələrin qaçılmaz olduğunun fərqindəyik... 
Dahi Mirzə Cəlil haqqında hamı yaza bilər. Bu, hər kəsin öz haqqıdır. Bir də var, öz ömrünü Mirzə Clil ömrünin nəhəng nəhrinə qatıb, sularında yana-yana əridib, onunla birgə məmləkətin hər qarışından və onun hüdudlarından çox-çox uzaqlardan keçəsən, nəfəsini dərmədən, usanmadan yenidən təkrar-təkrar əvvələ - başlanğıca qayıdasan və bu qayıdış hər dəfə bir nöqtədə dayanmağı deyil, əbədi fasiləsizliyi simvolizə etsin... 
Bu yerdə Sizifi xatırlamamaq olmur. Biz “Sizif əməyi”nin “izafilik” və “bihudəlik” qatının tam əleyhinəyik. Sizifin əllərindən çıxan o daşın altında hər dəfə tabulaşmış ədəbi ehkamların – “allah”ların qalıb məhv omasına qəlbən inanırıq! Dahi A.Kamyu ilə də razılaşırıq: Burada Sizif yox, məhz daş qələbə çalır.

Məgər o daş “qələbə çalmış” mətnlərimiz deyilmi?! Biz “absurd” qəhrəmanlara çevrilsək də, qoy mətnlərimiz qələbə çalsın! Baxın, İsa müəllim də məhz bu cür edir, dağdan, daşdan ağır Mirzə Cəlil mətnlərini iynə ilə gor qazırmış kimi araşdırır, tədqiq edir, hər dəfə iynə ucu qədər irəliləyir, irəliləyir və sonda əllərindən “çıxan” o daş-mətnlə yenidən əvvələ qayıdır...

Efesli Heraklit deyirdi: “İnsanın xasiyyəti (xarakteri) onun taleyini təyin edir”. Həqiqət olduğuna yüz faiz inanırıq! 

Biz bu fikrə kiçik bir əlavə etmək istəyirik: İnsanın sevdiyi yazıçılar da onun kimliyini göstərir, hansı əqidə və mənəviyyat sahibi olduğunu xarakterizə edir. 

Bu aspektdən yanaşıb qətiyyətlə deyə bilərik: İsa müəllimin böyük alim, vətəndaş, yorulmaz ictimai-siyasi xadim və ümumilikdə, planetar masştabda Azərbaycançı olmasının milii-mənəvi arxeologiyasında da məhz Mirzə Cəlil ruhuna sonsuz sədaqət hissi dayanır...”. (“Mirzə Cəlil yanğısı”, səh: 15-16)

 Xalq yazıçısı, akademik Kamal Abdulla nadir hallarda kiməsə mətn ithaf edir. Amma bunu edəndə Səttar Bəhlulzadə səxavəti ilə edir. Azad Mirzəcanzadə, Turan Cavid, Oljas Süleymenov, Natiq Səfərov, Niyazi, Musa Adilov, Aydın Məmmədov, Rüstəm Kamal, Ramiz Rövşən, Vaqif İbrahimoğlu, Rəhman Bədəlov, heç bir zaman 17-ci mərtəbədən düşməyən Mövlud və başqalarını bu sıraya yazmaq olar.

“Mənim Füzulim” kitabı da İsa Həbibbəyliyə ithaf olunub. Haradasa dahi Füzulinin mərhəmət, eşq, yaxşılıq etmək, “şair sözünün yalan”ından qaçıb daima həqiqətin yanında durmaq üçün göstərdiyi sonsuz çabaları, “salamı rüşvət olmadığı üçün almayan”lara qarşı apardığı amansız mübarizə və bu mübaizədən  usanmazlığı həm də insanları bir sevgi çətiri altında birləşdirirmiş…

İsa müəllim də Füzuli usanmazlığına “mübtəla olanlar”dandır. O, sevgi, zəhmət, sədaqət, elm və təmizlikdən usanmır. Cümlə daxilində “elm” və “təmizlik” sözlərinin yanaşı gəlməsi sırf təsadüf oldu. Amma yox, sözlər cümlə daxilində özləri öz yerlərini müəyyən edə bilirlər. Təbii ki, insani müdaxilə olmasa...

İsa müəllim elmdə təmizliyin, təmizlikdə elmin mücəssəməsidir; məslək və əqidəsi dəyişməz həmvətənləri ilə bir yerdə (Mirzə Cəlil başda olmaqla!) Füzulinin insan layını simvolizə edir. Başqa cür desək, insan kimi tədqiq olunmayan Füzuli haradasa bir az (bəlkə daha çox?) İsa müəllimlərə bənzəyir…

Hər hansı bir cümlə bir-birini qəddarcasına “itələyən” antonimlərin arxasınca qədərindən çox yüyürüb ona dəlicəsinə vurğunluğunu ifadə edirsə, ən böyük məğlubiyyətə uğramış olur. Az qala ata sözünə çevrilmiş bu deyimdə olduğu kimi: “Alim olmaq asandır, insan olmaq çətin”. Göründüyü kimi, cümlənin bütün ağırlıq mərkəzi, energetik gücü iki sözün üzərinə düşür: “asan” və “çətin” antonimlərinin...  Onların aralıq məsafəsində isə linç edilmiş qeyri-səlis məntiqin fəryadı eşidilməz olur. 

Məhz İsa müəllim kimi böyük alimlər “asan”lıqda “çətin”liyin, “çətin”likdə isə “asan”lığın simvoluna çevrilərək bizə elmin, alimlik və insanlığın sərhədsiz üfüqlərini müdrikcəsinə göstərmiş olurlar. 

Sonda etiraf etməyə məcburam, açığı, İsa müəllimin 75 yaşda olmasına heç cür inana bilmirəm, çünki o, ağıla sığmayan gənclik ehtirası, 75-in fövqündə dayanan hərəkətlilik və  sonsuz coşqu ilə əziz Vətəninə xidmət edir. 
İsa müəllim sələflər-xələflər, fərdlər-kollektivlər, ədəbiyyatlar və mədəniyyətlər arasında genetik-funksional tarazlığı metodoloji cəhətdən ən yüksək səviyyədə quran və onu qorumağı bacaran unikal ictimai-siyasi  bir xadim, örnək olan fədakar bir alimdir. 

Qarşıdan gələn illər sonsuz fəzalar deməkdir... 

Sonsuz fəzalara qənşər, əziz İsa müəllim!   

Mehman Qaraxanoğlu

MİA.AZ