""Kontakt home"i insanlara saxta, vaxtı bitmiş məhsullar satır. Ehtiyyatlı olun. Mümkün qədər bu şirkətin mağazalarından heç nə almayın. Üstəlik öıkənin məhkəmələri ilə əlbir işləyib, vətəndaşlardan saxta, xarab məhsulların pulunu da alır. Məhkəmələr də heç nəyi araşdırmadan şirkətin xeyrinə qərar verir. Bie sözlə, ehtiyyatlı olun. Bir tayfa millətin cibinə girib, haqqını tapdalayır".
Mia.az xəbər verir ki, bu çağırışı jurnalist Ədil Hüseynov sosial media səhifəsində edib.
Onun bu çağırışına adıçəkilən şirkət qısa zamanda belə reaksiya verib: "Salam, Ədil bəy. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Müraciətinizi araşdırmaq istəyirik. Bunun üçün zəhmət olmasa, şəxsi mesaj bölməsində sənədləşmədə olan ad, soyad, ata adı və aktiv əlaqə nömrənizi qeyd edərdiniz".
Jurnalist şirkətin bu istəyinə bir ildir davam edən mübahisəli duruma işarə etməklə sərt yanaşıb.
Az sonra "Kontakt Home" jurnalistin paylaşımına belə cavab yazıb: "Ədil bəy, müraciətinizə əsasən artıq müvafiq şöbə tərəfindən məlumat təqdim olundu. Belə ki, sizə gərəkli olan məhsul təklif edildi, lakin qəbul etmək istəmədiniz. Müştəri məmnunluğu hər zaman öncəliyimizdir. Bu səbəbdən endirim kuponu təqdim etmək istəyirik. İmtina etdiyiniz üçün isə, təəssüf ki, yardımçı ola bilmirik".
Ədil Hüseynov bu cavabdan sonra şirkəti növbəti dəfə yalançılıqda ittiham edib:
""Kontakt Home" əvvəla sizə müraciət olunmayıb. Siz statusu guya araşdırmısız. İkincisi, siz hələ də yalan danışaraq, bildirirsiz ki, məhsuldan imtina etmişik. Sizin şirkət bizə verdiyi saxta, xarab, vaxtı keçmiş kapsulu məhkəmədən gizlədərək qətnamə çıxartdırıb. İddia ərizənizdə vaxtı keçmiş kapsulla bağlı bir cümlə yoxdur. Hazırda məhkəmə prossesi davam edir. Siz bu kapsulu bizə indi deyil, məhkəməyə verməzdən öncə, daha doğrusu, 1 il əvvəl verməli idiniz. İndi isə müştəri məmnuniyyəti deyirsiz və kapsuldan imtina etdiyimizi bildirirsiz. Utanmır bu şirkət yenə yalan danışır? Siz mənim statusumdan sonra araşdırma aparıb, guya kapsul hazırdı deyib özünüzü haqlı çıxarmağa çalışırsız. Amma məhkəməyə verib, hələ də bizə vermədiyiniz kapsulun pulunu icra yolu ilə alırsız. Ayıbdır, vətəndaşları, məhkəmələri aldatmayın. Qaldı endirim kuponuna, çox sağ olun. Bizdən xarab kapsulun pulunu faizi ilə birlikdə alan şirkətin endirim kuponu gərək deyil".
Samir Musayev
MİA.AZ