"Dünyada elə vəziyyət yaranıb ki, hazırda nüvə silahlarının azaldılması ilə bağlı hər hansı danışıqların aparılması qeyri-mümkün hala gəlib".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, ABŞ prezidenti Co Baydenin Rusiya, Çin və Şimali Koreya ilə nüvə silahlarının azaldılması ilə bağlı qeyd-şərtsiz danışıqlar aparmağa hazır olduğu barədə açıqlaması anlaşılandır, ancaq mümkünsüzdür: "Bu, Rusiyaya qarşı müharibədə dolayı da olsa iştirak edən ABŞ, İngiltərə və Fransa kimi nüvə güclərinin hazırkı mövqelərinə görə mümkün deyil. Əlbəttə, biz bu istiqamətdə danışıqları zəruri sayırıq, hesab edirik ki, dialoq xətti hər zaman açıq olmalıdır. Lakin həyata keçməsi üçünsə real şərait lazımdır"
Rusiyanın gələcəkdə NATO ölkələrinə hücum edəcəyi iddialarına gəldikdə, Peskov bunu inkar edib: "Rusiya öz təhlükəsizliyini təmin etmək potensiala malikdir, o səbəbdən digər ölkələrə hücum planı yoxdur. Rusiya heç vaxt hərbi infrastrukturu ilə NATO-ya doğru irəliləməyib. Ancaq biz bu gün bunun əksini görürük. Biz NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin bütün mərhələlərini və hərbi infrastrukturunun gücləndirilməsi istiqamətində atdığı bütün addımları izləyirik, əlbəttək. Kimin kimə təhlükə yaratdığı hamıya məlumdur. Və buna uyğun tədbirlər görülür".
Lamiyə Əhmədli
MİA.AZ