Azercell şirkəti 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketlərini yeniləyərək daha sərfəli və rahat istifadə imkanları təqdim edir.
Mia.az-ın məlumatına görə, ölkə qonaqlarının mobil internetdən istifadəyə üstünlük verdiyini diqqət mərkəzində saxlayan Azercell “Turist” tariflərində bu xidmətdən istifadə imkanlarını genişləndirir. Yenilənmiş tariflər çərçivəsində sosial media üçün nəzərdə tutulan internet həcmi ümumi istifadə üçün ayrılan internet həcmi ilə birləşdirilir. Nəticədə “Xoş gəldin”, “Super” və “Maks” tariflərində ümumi istifadə üçün nəzərdə tutulan internet həcmi 2 dəfə artırılır.
İndi “Xoş gəldin” tarifinin istifadəçiləri ay ərzində 30 GB internet, “Super” tarifinin istifadəçiləri 60 GB internet və “Maks” tarifinin istifadəçiləri 120 GB internet həcmindən yararlana bilərlər.
Eyni zamanda, “Turist” nömrələri və tarif paketlərinin istifadə müddəti 15 gündən 30 günə qədər uzadılır. Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi olan əcnəbi vətəndaşlar 30 günlük müddət bitdikdən sonra müvafiq sənədlər təqdim edərək “Turist” və digər tariflərdən istifadəni davam etdirə biləcəklər.
Qeyd edək ki, “Turist” tarif paketlərinə qoşulmaq üçün əcnəbi vətəndaşlar xarici pasport ilə istənilən Azercell Eksklüziv ofislərinə və ya rəsmi dilerlərinə müraciət edə bilərlər.
Azercell-in rəsmi veb-səhifəsinə keçid edərək tariflər barədə daha ətraflı məlumatla tanış olmaq mümkündür.
Qeyd edək ki, bu yeniliklər Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) və digər beynəlxalq tədbirlər ilə əlaqədar həyata keçirilir.