"Beynəlxalq Kitab Sərgisi başlayıb. Hardadı nazirliklərimiz? Hardadı böyük şirkətlərimiz? Bağça uşaqlarını kitab sərgisinə gətirməklə hesab edirsiniz ki, işinizi bitirdiniz? Yox, belə olmur".

Mia.az xəbər verir ki, bu sözləri "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu "Feysbuk"dakı səhifəsində yazıb.

O, daha sonra belə davam edib:  "Cənab daxili işlər naziri, sizi sərgidə görmək istəyirəm. Cənab baş prokuror, sizi sərgidə gözləyirəm. Milli Məclisin sədri, Sahibə xanım, siz intelektual insansınız, niyə sərgiyə gəlmirsiniz?

Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir." 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi. Yenilikçi Mikayıl müəllim, sizi də sərgiyə dəvət edirəm. Səfirlər, diplomatlar, böyük şirkətlər, komitə rəhbərləri – kollektivinizlə sərgiyə gəlin. Bu sərgi sizlər üçündür. Azərbaycan kitabı sizi gözləyir!"

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində oktyabrın 2-8-də Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Ləman

MİA.AZ