Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanlardan dörd nəfərin – Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin məhkəməsi davam edir.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində 2006-2024-cü illərdə Zaqatala, Səbail və Nəsimi rayonlarının icra başçısı vəzifələrində işləmiş, bu ildən isə Milli Məclisin deputatı olan Asif Əsgərovun qudası Rəfael Xələfov dindirilib.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində Təftiş şöbəsinin rəisi vəzifəsində çalışmış Rəfael Xəlilov 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar zamanı 143 milyonluq cinayət işi üzrə digərləri ilə birilikdə həbs olunsa da, 2023-cü ilin yayında həbsdən buraxılıb. Lakin onun haqqında cinayət işi ayrıca icraatda davam etdirilir.
Rəfael Xələfova keçmiş rəisi, general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə, digər təqsirləndirilən şəxslər Cəlal Kazımov, Bayram Bayramov, onların müdafiəçiləri çoxsaylı suallar veriblər. Onlar polkovnik Xələfovu bir çox məsələlərlə bağlı yalan danışmaqda, öz məsuliyyətini onların üzərinə yıxmaqda ittiham ediblər.
Rəfael Xələfov özü də mənimsəmədə ittiham olunduğuna görə ondan soruşublar ki, yeyinti nəticəsində vurulmuş ziyandan cinayət məsuliyyətinə cəlb olunandan sonra nə qədər pul ödəyib? Özü bu suala cavab vermək istəməsə də, onun vəkili Xəyal Bəşirov hakimlərin diqqətinə çatdırıb ki, Rəfael Xələfov 800 min manat ödəniş edib.
General Nizami Məmmədovun vəkili Rəfael Xələfovun nəzərinə çatdırıb ki, məhkəmədə səslənən ifadələrlə onun dedikləri arasında ziddiyyətlər var. Xüsusən də yoxlama-təftiş zamanı alınan məbləğlərlə bağlı ziddiyyətlər daha çoxdur. Maraqlıdır ki, Rəfael Xələfovun DTX-da verdiyi birinci ifadə ilə digər şəxslərin, o cümlədən Nizami Məmmədovun ifadəsi üst-üstə düşür. Lakin Xələfov sonradan həmin ifadəsini dəyişib.
“Mən ibtidai istintaq zamanı ilkin ifadəmi verəndə fikirli olmuşam. Bu səbəbdən də birinci ifadəm istisna olmaqla, qalan ifadələrimi təsdiqləyirəm”, – Rəfael Xələfov bildirib.
Təqsirləndirilən Bayram Bayramov bildirib ki, Rəfael Xələfova təftişə gələndə 1 milyon 263 min manat pul verilib. Lakin o, ifadəsində 950 min göstərib. Bu isə arada 313 min fərqin yaranmasına səbəb olur.
“Mən ətraflı ifadə vermişəm. Boş-boş suallara cavab vermək istəmirəm”, – Rəfael Xələfov belə reaksiya verib.
Təqsirləndirilən Cəlal Kazımov hakimlərin nəzərinə çatdırıb ki, təkcə 4 nəfərin ifadəsində göstərdiklərilə Rəfael Xələfovun dedikləri arasında 7,5 milyonluq fərq var:
“Bu pullar da Rafael Xələfovdadır”.
Təqsirləndirilən şəxslər ümumilikdə Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə olduğunu qəbul etmir, onlar hesablamaların düzgün aparılmadığını və rəqəmlərin şişirdildiyini iddia edirlər.
“Bu məbləğin mənimsənilməsi qeyri-mümkündür. Hərbi hissələrdə hərbçilərə verilən nağd pulların hamısı qalıb bizim boynumuzda”, – Cəlal Kazımov bildirib.
Generalın vəkili Rəşad Mirmehdizadə xatırladıb ki, Maliyyə Nazirliyi hər il Müdafiə Nazirliyinə ayrılan büdcənin xərclənməsinə nəzarət edib. Əgər bir neçə il ərzində 143 milyon manatlıq yeyinti olubsa, o zaman Maliyyə Nazirliyi necə yoxlama aparıb ki, bunu görməyib?
“Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin xərclənməsi ilə bağlı heç bir qanun pozuntusunun olmadığını təsdiqləyib. Hər il yoxlama aparıb, heç bir yeyinti də aşkar etməyiblər. Büdcəni ayıran Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsi hara baxırdı? Əgər yeyinti varsa, nə məqsədlə bu qədər pul ayırırdılar. Bu məbləğ hansı sənədlər əsasında təsdiqlənib?”, – Rəşad Mirmehdizadə bildirib.
Vəkil həmçinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Namiq Poladovun da məhkəmədə dindirilməsinin vacib olduğunu bildirib.
Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin əvvəlində başlayıb. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir/Meydan.tv