İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı anklavda yerləşən Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 23-nü məhv edib.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“İsrail HƏMAS-ın 24 batalyonundan 23-nü məhv edib”, - o bildirib.

Baş nazir qeyd edib ki, İsrailə hücum zamanı HƏMAS-ın sıralarında 40 minə yaxın silahlı olub, onların arsenalında 15 min idarə olunmayan raket olub. İndi isə İsrail ordusu HƏMAS-ın başqa hansı variantları qaldığını öyrənməyə davam edir və onun infrastrukturunun qalıqlarını sıradan çıxarır.

Netanyahunun sözlərinə görə, əməliyyatın əvvəlində HƏMAS-ın yeraltı tunellərinin ümumi uzunluğu 560 km-dən çox olub.

“Ordumuz terrorçuların yarıdan çoxunu ya ələ keçirib, ya öldürüb, onların raket arsenalının 90 %-dən çoxunu məhv edib və yeraltı şəbəkələrinin əsas elementlərini sıradan çıxarıb”, - siyasətçi vurğulayıb./Report