Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində "Qəzzadakı vəziyyət, ədalətli və hərtərəfli sülhə aparan yol kimi İki Dövlət Həllinin həyata keçirilməsi" mövzusunda keçirilən iclasda iştirak edib.
Mia.az xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkə hesabında məlumat yayıb.
İclasda İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli və davamlı həllinin təcili tapılmasının zəruriliyi vurğulanıb. Həmçinin Azərbaycanın iki dövlət prinsipi əsasında həllinə qətiyyətlə dəstək verdiyi qeyd edilib.
Nazir müavini həmçinin BMT Təhlükəsizlik Şurasının "Sülh naminə liderlik: BMT Nizamnaməsinə hörmət edərək təhlükəsiz gələcək axtarışında" mövzusunda yüksək səviyyəli açıq müzakirədə iştirak edib və bəyanat verib. E.Məmmədov çıxışı zamanı çoxtərəfli əməkdaşlığın etibarlılığını təmin etmək üçün BMT Nizamnaməsinə ciddi riayət olunmasına dair Azərbaycanın prinsipial mövqeyini bir daha vurğulayıb. Azərbaycanın çoxtərəfli əməkdaşlığa qəti dəstəyinin Qoşulmama Hərəkatına keçmiş sədrliyi, eləcə də hazırkı COP29 prezidentliyi də daxil olmaqla, beynəlxalq platformalardakı fəaliyyətinin əsas elementi olduğu bildirilib.