"Azərsun Holdinq"ə daxil olan şirkətlərdən "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC və direktoru Tanrıverdi Halil məhkəməyə verilib.

Mia.az-ın 32gün.az-a istinadla məlumatına görə, şirkət və direktoru müqaviləsiz işçi çalıştırılması ilə ittiham olunur.

Tanrıverdi Halil və direktoru olduğu Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC  barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) protokol irəli sürülüb.

Hər iki məhkəmə işi Nizami rayon məhkəməsində hakim Nigar Qədirlinin icraatındadır.

Bildirək ki, nizamnamə kapitalı Tanrıverdi Halilin qanuni təmsilçisi və direktoru olduğu Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC-nin nizamnamə kapitalı 41000000 AZN-dir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki,   "Azərsun Holdinq”in sahibi Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Abdolbari Gozaldır.