“Mənim 63 yaşım olanda çalışdığım “SOCAR”-dan təqaüdə çıxdım. Sonra Dövlət Reklam Agentliyində işə düzəldim. 6 il orada işlədim. Yaşım artıq 70 olub. Hazırda baba statusu daşıyıram. Bütün günü evdə oluram. Nəvələrimlə, ailəmlə vaxt keçirirəm. İdman edirəm, gündəlik 10 kilometrdən çox yolu piyada gedirəm”.
Mia.az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filminin "Namiq"i, mərhum kinodramaturq, kinorejissor, Azərbaycanın xalq artisti Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib.
O qeyd edib ki, aktyor olmaq istəyi özünün seçimidir: “Atam Həsən Seyidbəyli bizi məcbur etməyib ki, aktyor ol, yaxud da olma. Filmdə mən də, bacım Məryəm Seyidbəyli də, kiçikqardaşım da çəkilib. Cəbiş müəllimin qızı və oğlu mənim bacı və qardaşımdır. Bacım şərqşünasdır, mən mühəndisliyi, qardaşım isə tarix sahəsini seçdi. Atam bizi sadəcə çəkmişdi ki, filmdən yadigar qalsın. Bəzən ata olur ki, öz övladlarının sənət seçiminə qarışır. Bizim atamız belə deyildi”.
Ziya Seyidbəyli “Bizim Cəbiş müəllim” filminin yaddaqalan səhnələrindən də danışıb: “Atam aktyorlarla çəkilişdən öncə böyük məşq keçirirdi. O, həmçinin aktyorlara sərbəstlik də verirdi. Əliağa Ağayev, Nəsibə Zeynalova bu filmdə çox improvizə ediblər. Məndə improvizə yox idi. "Makedon"a şillə vurduğum səhnəni 3-4 dubla çəkdik. Mən utanırdım, ona şillə vurmaq mənim üçün çətin idi. Amma məcbur etdilər şilləni elə vurum ki, təbii çıxsın. Onunla bizim xasiyyətimiz qətiyyən uyğun gəlmirdi. Mən sakit idim, o isə səs-küylü, sərt xasiyyətli. Bütün bunlara baxmayaraq onunla dil tapırdım”.
Ziya Seyidbəyli deyir ki, film sahəsi yenidən canlanacaq: “Hamı şikayətlənir, gileylənir. Başa düşürəm, bu duruma öyrəşməmişik. Allahın köməkliyi ilə düzələr, buna sadəcə vaxt lazımdır. İstedadlı uşaqlar da var. İnsan həyatda optimist olmalıdır. Bəzən gənclərin yeniliklərini də qəbul etməyənlər var. Bu, bütün dünyada belədir. Zəmanənin tələbi budur. Vaxt keçəcək, çox şey dəyişəcək. Mənim oğlum Həsən Seyidbəyli də kino sahəsindədir. Həm yazıçıdır, həm rejissor, həm də ssenaristdir. Özünün şirkəti də var. Babasının adını, soyadını daşısa da ondan istifadə etmir. Biz gərək bu kişinin adını yaşadaq, qoruyaq. Biz bundan ötrü çalışırıq. Atamın yaşadığı küçə İçərişəhərə yaxındır. Yaşadığı binanın qarşısında barelyefi var, amma çox istərdim ki, həmin küçəyə bir heykəl yaxud da büst qoysunlar. Müraciət etmişəm, yəqin ki, həll edərlər. Ola bilsin ki, vaxt keçməlidir. Yuxarı təbəqələr gərək bunu həll etsinlər. Layiq bilsələr yəqin ki, həll edərlər”.
Z.Seyidbəyli atasının daim yaşayacağını bildirib: “Atam bu gün yaşayır. Xalq onu yadında saxlayıb. Bu, hər kişiyə xas olan bir xüsusiyyət deyil. O, yaradıcı, həm də ustad rejissor olub. Rasim Balayevə görə mübarizə aparıb, onu “Nəsimi” filmində çəkib. Atam öz sözünün üstündə dayanan kişi olub”.
“Atanızın bir zamanlar məşhurlaşdırdığı Rasim Balayev, Şəfiqə Məmmədova, Xalidə Quliyeva, Rəna Səlimova kimi sənətkarlar var. Onlardan bu gün hansı ilə münasibətləriniz var?” – sualına Z.Seyidbəyli belə cavab verib: “Şəfiqə xanım istisna olmaqla, qalan hamısı ilə əlaqələrim yaxşıdır. Bu mövzu haqqında daha geniş açıqlama vermək istəmirəm”.