İsrail ordusu az əvvəl Livanın paytaxtı Beyrutun cənubuna ikinci aviazərbəsini endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, hücum "Hizbullah"ın əsas mərkəzi sayılan Dahiyə bölgəsinin Qubeyri rayonunda baş verib. 

Məlumata görə, İsrail qırıcıları bir binanın 4 və 5-ci mərtəbələrini hədəfə alıb: "Hər iki mərtəbəyə sarsıdıcı zərbə vurulub. Nəticədə mərtəbələr tamamilə çöküb, bina yararsız hala salınıb. Çoxlu ölən və yaralananlar var".

İsrail ordusu Beyruta hava hücumu təşkil etdiyini təsdiqləyib: "Təfərrüatlar daha sonra paylaşılacaq".

Livanın Səhiyyə naziri Firas əl-Ebyad paytaxt Beyrutda təşkil edilən mətbuat konfransında deyib ki, dünəndən bu gün səhərə qədər İsrailin ölkənin cənub və şərqindəki qəsəbə və kəndlərə həyata keçirdiyi görünməmiş hücumlarda 558 nəfər ölüb, 1835 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ