Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “Sumqayıt” komandası “Zirə”ni qəbul edib.

Mia.az-ın məlumatına görə, "Kimyaçılar şəhəri"nin komandası yeni mövsümdə növbəti dəfə uduzub.

“Zirə” meydan sahiblərinin qapısına 2 cavabsız qol vurub.

“Sumqayıt”ın azarkeşləri oyundan sonra komandaya qəzəbli şüarlar səsləndirib.

Oyundan sonra mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov jurnalistlərin qarşısına öz komandasından çox narazı halda çıxıb.

Mia.az saytının əməkdaşının sualına cavab olaraq baş məşqçi bildirib ki, onun komandasının bəzi oyunçuları “şişib”, buna görə də oynamaq istəmirlər:

"Bu, bəzi futbolçulara aiddi. Komanda avrokuboklara düşəndən sonra futbolçularda bir eyforiya yarandı. Onlara məsələn, Türkiyənin Premyer Liqasından və digər ölkələrin liqasından bizim bildiyimiz və bilmədiyimiz təkliflər gəldi. Onlar indiyədək bunun havasındadı. Dəfələrlə deyilib ki, ən azından bizimlə müqaviləniz var, oynamalısınız. Oynayanda həm də formada qalırsınız. Amma bəziləri bizi eşitmir.

- Əgər futbolçu müqavilə şərtlərinə əməl etmirsə, bunun üçün cəza, cərimələr və s. nəzərdə tutulmayıbmı? Radikal qərarlar qəbul edə bilərsinizmi?

- Heç kimə pislik etmək fikrində deyilik. Sadəcə, radikal qərarları da qəbul etmək olmur. Bu adamlar onu anlamır ki, əgər oynamırsa, bu onun futbolçu karyerasına zərbədi. Görünən odur ki, bu futbolçular keçən il gördüyümüz formadan çox uzaqlaşıblar. Ümumiyyətlə, mən bu futbolçuların hərəkətinin səbəbini tapa bilmirəm. Çox dəyişiblər. Biz əvvəlki oyunu, əvvəkli həvəsi görə bilmirik. Bu vəziyyət də get-gedə pisliyə doğru gedir. Biz mütləq bu vəziyyətdən çıxış yolu düşünməliyik. Futbolçuların bu rahatlığı və arxayınlığı davam edəcəksə, biz bunun çıxış yolunu tapmalıyıq. 

Yeri gəlmişkən, son vaxtlarda Samir Abasovun “Neftçi”yə baş məşqçi gətiriləcəyinə dair söhbətlər vardı. Abasov bunun mümkün olmadığını dilə gətirdi.

Zülfiyyə Mustafayeva

MİA.AZ