Sentyabrın 20 və 23-də Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ilə əlaqədar prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə müasir Azərbaycanın qurucusu dünya şöhrətli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz fədakarlıq vurğulanaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ordumuzun əldə etdiyi möhtəşəm qələbə sayəsində ərazi bütövlüyümüzün və 2023-cü ildə isə 23 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyimizin bərpa edilməsindən bəhs edilib.
Ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Şərqi Zəngəzur və Qarabağ bölgəsində aparılan kompleks quruculuq işləri barədə gənc hüquqşünaslara danışılıb və “Böyük Qayıdış”ın reallaşmasının əhəmiyyəti xüsusi qeyd edilib.
Veteranlar görüşdə prokurorluq orqanlarındakı xatirələrini danışıb, gənc prokurorluq işçiləri ilə öz bilik və təcrübələrini bölüşüb, hazırda prokurorluq orqanlarında aparılan dinamik islahatlar, eləcə də maddi və texniki bazanın möhkəmləndirilməsi istiqamətində göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.
Görüşdə veteranlar prokurorluq orqanlarında çalışmağın şərəfli, eyni zamanda bir o qədər çətin və məsuliyyətli olmasını vurğulayıb.