"Biz hazırda "Nüvə sazişi" ilə bağlı danışıqların yenidən başlanmasına çalışırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu  sözləri İranın xarici işlər naziri Abbas Arakçi BMT-nin 79-cu sessiyasında iştirak etmək üçün getdiyi Nyu York şəhərində suallara cavabda deyib.

O bildirib ki, hazırda bu məqsədlə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə təmasa keçiblər: "Həmin ölkələrin Xarici işlər nazirləri ilə danışıqlar aparırıq. Bizim səyimiz nüvə müzakirələrini yenidən başlatmaqdır"
 
XİN başçısı etiraf edib ki, hazırda dünyanın gözü Ukrayna və Qəzza kimi beynəlxalq məsələlərdə olduğundan nüvə danışıqlarının yenidən başlaması əvvəlkindən daha çətin və mürəkkəb görünür: "Lakin çətinlilrə rəğmən, biz danışıqların bərpasına inanırıq".

Xatırladaq ki, 2015-ci ildə İran ilə BMT TŞ-nin daimi üzvləri olan ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında Tehranın nüvə fəaliyyətlərinin tənzimlənməsi və nəzarəti altına alınması barədə saziş imzalanıb.

2018-ci ildə keçmiş prezident Donald Trampın hakimiyyəti dövründə Vaşinqton birtərəfli qaydada sazişdən çıxdıqda sonra isə saziş "yerində saymağa başlayıb".

Firudin Səfərli

MİA.AZ