Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldacaq. Ermənistanın silahlanması fonunda bu məqam diqqət çəkir.

Prinsip etibarilə belə bir addımın atılması gözlənilirdi. Belə ki, işğal faktoruna görə rəsmi Bakı hər il dövlət büdcəsinin böyük hissəsini ordu xərclərinə ayırırdı. Bu xərclər həm yeni texnika, silah-sursatın alınması, həm də mövcud arsenalın yenilənməsinə xərclənirdi.

44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Qarabağ mərhələsi bitdi. Delimitasiya, demarkasiya, habelə sülh danışıqlarının uğurla davam etdiyini nəzərə alsaq, hərbi xərclərin azaldılmasında təəccüblü nəsə yoxdur.

Rəsmi Bakı indiki məqamda prioritet məsələ kimi işğaldan azad edilən ərazilərin bərpası, habelə böyük qayıdış siyasəti çərçivəsində vətəndaşların torpaqlarına qayıtmasına daha çox diqqət ayırır. Prosesin qısa zamanda yekunlaşması üçün müəyyən sahələrdə kəsintiyə gedilməsi normaldır. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzurun qurulmasına Azərbaycanın dövlət büdcəsindən gələn il 4 milyard manat ayrılacaq.

Azərbaycanın atdığı bu addım həm də siyasi motivlidir. Belə ki, son aylar xüsusilə Qərb mediasında rəsmi Bakının Ermənistana qarşı yeni əməliyyatlara hazırlaşdığı, hətta Zəngəzura hərbi müdaxilə edəcəyi ilə bağlı absurd xəbərlər, yazılar dərc edilir. Başda Fransa olmaqla bir sıra ermənipərəst ölkələr bu istiqamətdə uydurma ”kəşfiyyat” materiallarını Ermənistana təqdim edir. Yəni faktiki olaraq regionda gərginlik atmosferi yaradılır.

Azərbaycan sürətlə silahlanan Ermənistanla müqayisədə ordu xərclərini azaldaraq, niyyətinin yeni müharibə və işğal olmadığının mesajını verir. Təbii ki, qeyd olunan məbləğ ümumi xərclərin kiçik hissəsidir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmadığından gərginlik riski hər zaman var. Yəni Ordumuz bundan sonra da güclənəcək.

Bununla belə, Bakı konkret mesaj verir ki, onun üçün işğaldan azad olunan ərazilərin intensiv quruculuğu daha vacibdir. Müharibədə isə ümumiyyətlə, maraqlı deyilik.