Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, noyabr ayında on minlərlə iştirakçı COP29-la bağlı Bakıya səfər edəcək:

“Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”.

A.Hacızadənin sözləri bir daha onu göstərir ki, rəsmi Bakı COP29 tədbirinə Ermənsitan Baş naziri Nikol Paşinyanı rəsmi şəkildə dəvət edir.

Prinsip etibarilə Paşinyanın Bakının dəvətini qəbul etməməsi üçün səbəb yoxdur. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə razı olub. Bu, iki ölkənin son illərdə bir-birinə qarşı atdığı ən pozitiv addımlardandır. Ən önəmlisi isə qarşılıqlı etimad yaratmaq baxımından müsbətdir.

Paşinyan indiki məqamda bu təklifi qəbul edib, Bakıya səfər etməlidir. Bu həm də münaqişənin bitməsi, iki ölkə arasında çərçivə sazişinin Bakıda imzalanmasını aktuallaşdıra bilər.

Paşinyanın paytaxtımıza səfər etməsi vacib olsa da, baş tutması ehtimalı azdır. Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib.

Bununla belə, COP29-da Ermənistanı Prezident Vaaqn Xaçaturyan, Baş nazirinin müavini Mqer Qriqoryan, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ya Ermənistan parlamentinin sədri Alen Simonyan təmsil edə bilər.

Turan Rzayev

MİA.AZ