“Nardaran İnvest” MMC gömrük qaydalarını pozduğu üçün cərimələnib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə cərimə kəsilib.

Protokol tərtib olunan maddədə deyilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Nardaran İnvest” MMC Bakıda “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binaları inşa edir. Şirkətin Xalq artisti Emin Ağalarova məxsus olduğu bildirilir.