"Kontakt Home-də tam idarəsizlik, yiyəsizlik hökm sürür. Faktiki şirkətdə anarxiyadır. Deyəsən, Kontaktın faktiki sahibi Elnur Allahverdiyevin parlamentdən kənarlaşdırılmasının ardınca bu şəbəkənin bağlanacağı haqda xəbərlər heç də əsassız deyil".
Mia.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat"ın redaktoru Elşad Məmmədli sosial media hesabında yazıb.
O bildirib ki, son 10 gündə bu şirkətdə başına gələnlər qeyd etdiklərini deməyə əsas verir:
""Kontakt"dan kataloq üzrə ağ çarpayı aldıq, müqavilə bağladıq. 3 gün sonra məhsulu evə gətirib qoyub getdilər. Bunun səhəri gün quraşdırmaq üçün ustaları gəldi. Açıb baxanda məlum oldu ki, bizə sifariş verdiyimiz məhsul yox, başqa mal gəlib.
Bundan sonra "Kontakt"ın bizi yox haa, məhz özünü və rəhbəri Elnur Allahverdiyevi ələ salmaları başladı.
Günlərdir zəng edirik, gedib "Kontakt"ın özündə də demişik ki, gəlin ya məhsulu dəyişdirin, sifariş verdiyimizi gətirin, ya da bunu götürüb aparın.
Heç birini eləmirlər.
Nəhayət, şirkətin mətbuat xidmətinin rəhbərini axtarmağa başladım ki, bəlkə yardımçı ola. Mətbuat xidmətinin rəhbəri də elə şirkətin özünə oxşayan biri imiş, yazdığım mesajı oxudu, heç cavab da vermədi.
Belə şirkət əlbəttə bağlanmalıdır. Belə görünür ki, artıq idarəetməni də başlı başına buraxıblar, qürublarını yaşayırlar həzin-həzin.
P.S. Status yazılandan bir qədər sonra Kontakt-ın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vafa Rustamova telefon açdı, məsələ ilə maraqlandı, problemin həllinə dair qərar verildiyini və sabah məsələnin həllini tapacağını bildirdi. Bunun üçün Vəfa xanıma təşəkkür edirəm".