Samir Feyruzov

***

Azərbaycanda "A" kateqoriyalı problemlərin əsas səbəbi xalqda istefa və imtina mədəniyyətinin olmamasıdır. Bu iki keyfiyyət olmayanda xalq xaraktersizləşir. Məhz bu xaraktersizliyin nəticəsidir ki, Azərbaycanda siyasi mübarizə tamamilə dayanıb, sırf sosial mübarizə başlayıb. Müxalif siyasətçilər də, ziyalılar da, məmurlar da sosial mübarizəyə səfərbər olunub, hər kəs hökumətdən nəsə umur, dilənir.

Müxalifətçi liderlərin ailə üzvləri dövlət qurumlarında vəzifələrə təyin olunub, "beşinci əl" vasitəsilə hər birinə maddi dəstək göstərilir, xəstələnəndə hökumət onları müalicə etdirir, yüksək çinli məmurlarla əlaqə qurub mənzillər və imtiyazlar əldə edirlər. Bu sadaladıqlarımın hər biri ilə bağlı adlar da çəkə bilərəm. Müxalifətçi libasında xalqın gözünə kül üfürmək əxlaqsızlıqdır.

İki il bundan əvvəl cəbhəçi xanıma deputat tərəfindən hədiyyə olunan mənzil, hökumətə qarşı alov püskürən ictimai-siyasi xadimlərin yüz min dollarlıq müalicələri və s.

Gedin, kişi kimi ölün də! Fuad Poladov kimi!

İlqar Məmmədovun partiya sədrliyindən istefa verməsi təqdirolunası addımdır. Mən inanmıram ki, o, bu qərarı küskünlə verib, əksinə praqmatik məntiqə əsaslanıb. Sadəcə başa düşür ki, köhnə və hətta mövcud müasir üsullarla da hakimiyyətə qarşı effektiv mübarizə aparmaq mümkünsüzdür. Çünki Azərbaycan müxalifəti hakimiyyətin imkanlarından, ideoloji, siyasi-texnoloji resurslarından tamamilə xəbərsizdir və bunu qətiyyən araşdırmayıb.

Məsələnin mahiyyətini dərk etmək elə də çətin deyil. İlham Əliyevin prezidentliyinə 2 cür baxış olmalıdır - müharibədən öncəki və müharibədən sonrakı baxış!

Müharibədən sonrakı İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin edib.

Super güclər üçün eyni kataloqda yer alan Ermənistan, Gürcüstan və Azərbaycan yeni mərhələyə qədəm qoyub. Gürcüstanla Ermənistan Şərq və Qərb sivilizasiyalarının müharibə poliqonina çevrilib.

Müharibədən sonrakı İlham Əliyev Azərbaycanı poliqon olmaqdan xilas edib və etməkdədir.

Ermənilər İlham Əliyevi ən böyük düşmən kimi qəbul edirlər.

Amma İsa Qəmbərin oğlu "erməni soyqırımı" haqqında film çəkərək ermənilərə dəstək verdi.

Əli Kərimlinin ailəsi Londonda yaşayır, amma özü Masazırda boğulan xalqı hökumətə qarşı etirazlara çağırır.

Əli Əliyev hər ay hökumətdən pul alıb "müxalifətçi"lik edirdi, daha sonra "like"lara aldandı, çox pul tələb etdi, şantaja keçdi, nəticədə məhbəsə düşdü və artıq o da yoxdur.

Bəs, ciddi iqtisadçı alim Qubad İbadoğluna nə olmuşdu? Bir neçə aylıq məhbəs həyatı sənin iradəni şikəst edəcəkdisə, niyə prezidentlik uğrunda döyüşmək qərarına gəlmişdin?! Məhbəsdən çıxandan sonra o da buxarlanıb.

İlham Əliyev ABŞ-la, Fransa ilə döyüşür, siz də cəzaçəkmə müəssisəsinin rəisi ilə, icra başçısı ilə, nə bilim, "yapçı" deputatla... Ən uzağı, Sahil Babayevlə!

İndi siz, hansı İlham Əliyevlə mübarizə aparırsınız? Ciddisiniz?!

14 il məhbəsin sındıra bilmədiyi siyasətin şaxtababası - Əli İnsanovun iradəsinə qalib gəlmək mümkün idi, amma məhbəslə yox, başını tumarlamaqla! Onu ancaq bu yolla əl oyuncağına çevirmək olardı. Ə.İnsanov məhbəsdə 14 il ona görə yatmadı ki, siyasi dirəniş göstərsin, ona görə yatdı ki, çağırıb başımı tumarlayın, dilə tutun. O, sığal umurdu, dilənirdi. Zindanın sındıra bilmədiyini tumar əydi!

Azərbaycan da dəyişib, dünya da, mübarizənin yolları da... 30 il əvvəlki mitinq çağırışları ilə hakimiyyətə qarşı müxalifətçilik oyunu oynamaq xalqa xəyanətdir.

Azərbaycanda əsl müxalifət məmurlardır. Əllərindən gələn hər şeyi edirlər ki, xalq hökumətə nifrət etsin. Sahil Babayevin bir ildə elədiyini Əli Kərimli 30 ildə edə bilibmi? Və yaxud icra başçılarının və daha yüksək ranqlı məmurların, nazirlərin elədiklərini... Əli Kərimli fürsətcildir, Sahil Babayev xalqı narazı salır, o da bundan istifadə etmək istəyir. Amma keçəl suya getməz.

Əsəblər tarıma çəkilibmi? Çəkilib! Əhali işsizdir? İşsizdir! Gənclər məhv olur? Olur!

Amma bütün bu problemləri sizin müxalifətçiliyiniz həll etməyəcək.

İlham Əliyevin növbəti qələbəsi həqiqi müxalifət - oliqarxa çevrilmiş məmurlar, nazirlər, ədalətsiz hakimlər, saxta mandat daşıyıcıları üzərində olmalıdır. Və inanıram ki, yeganə xilas yolumuz ölkənin daxilindəki düşmənlərdən xilas olmaqdır. O, bunu bacaracaq!

Baş başqa cür işləməlidir, amma işləmir. Məsələn, Kəmaləddin Heydərov Müsavat başqanı olsa, Arif Hacılı, İsa Qəmbər kimi internet kanallarda Rusiya-Ukrayna müharibəsindən danışmayacaq. Bu hökumətin bir nazirinin dırnağındakı ağıl sizin topanızın başında yoxdur. O, indi də siyasətə baş qoşsa, hamınızı pərən-pərən edəcək. Necə ki vaxtilə AXCP-ni 88 yerə şaqqaladı. İndi də hər şaqqa bir mandat daşıyır.

P.S. Yazı müəllifin Feysbuk hesabından götürülüb.

MİA.AZ: