Əfqanıstan və Pakistan silahlkı qüvvələri savaş həddinə gətirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən yerli vaxtla saat 19:00 radələrində iki ölkənin sərhədində - Xost vilayətinin Mandozai rayonunda münaqişə yaşanıb.
Məlumata görə, münaqişə Əfqanıstan təhlükəsizlik qüvvələrinin sərhəddə nəzarət-buraxılış məntəqəsi tikməyə cəhdinə görə baş verib: "Qarşıdurmada ağır silahlardan da istifadə edilib. Ölən və yaralananlar haqqında məlumat hələlik açıqlanmayıb".
Xatırladaq ki, Əfqanıstan hökumətləri, o cümlədən hazırkı administrasiya iki ölkə arasındakı sərhəddəki Durand xəttini rəsmi sərhəd kimi qəbul etməyib.
Digər tərəfdən, Pakistan öz ərazisindəki terror aktlarında Əfqanıstanın da mühüm rol oynadığını iddia edir.
İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Əfqanıstan administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Əfqanıstan administrasiyası Pakistanın iddialarını rədd edir və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını iddia edir.
Samir Musayev
MİA.AZ