86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.

Mia.az xəbər verir ki, bununla bağlı qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O qeyd edib ki, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.

MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək: "Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".

Bundan başqa iclasda MSK 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci seçki dairələrindən daxil olmuş müraciətləri də baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul etdi(Report).

***

"Kimsə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək".

Bu sözləri MSK sədri Məzahir Pənahov bugünki iclasda deyib.

O qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi proses noqsansız ola bilməz: "Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübə ilə eyni prinsiplə işləyir. Verdiyimiz qərarlar əsaslandırılıb. Bizim haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq".

Məzahir Pənahov deyib, MSK üzvləri özləri hansısa pozuntu ilə bağlı məlumat alıblarsa, bunu da araşdırmalıdırlar: "Seçkidə təkcə müraciət edənlər araşdırılmır, müraciət olmadıqda araşdırılır. Yəni fakt yazılıbsa, amma həmin pozuntu haqqında MSK-ya müraciət olunmayıbsa, yenə də biz bunu araşdıracağıq. Biz məlumatımız olan, qarşımıza çıxan bütün məsələlərə diqqətlə yanaşırıq. Hansısa məntəqədə kütləvi bülleten atılıbsa, bununla bağlı kiminsə bizə şikayət etməyini gözləmərik. Bütün yayılanları əvvəlkindən də diqqətlə yoxlayacağıq".

MİA.AZ