"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-yə inzibati protokol yazılıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

Digər protokol isə "Sun Food" MMC-yə yazılıb. Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Bu iş də hakim Mətanət Hacıyevanın icraatındadır.

Qeyd edək ki, hər iki şirkət "Azərsun Holdinq"in tərkibindədir.