Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən və uzun illər ABŞ-ın Boston şəhərindəki bir muzeydə sərgilənən Lidiya dövrünə aid təxminən 2500 illik qızıl boyunbağı Türkiyəyə geri verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə geri qaytarılıb.

Məlumata görə, tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Nyu York Mədəniyyət və Tanıtım Attaşesi Hilal Dəmirəl bildiribki, boyunbağı təxminən 20 santimetr uzunluğundadır: "Qızıl və karneli daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarətdir. Əsər eramızdan əvvəl 5-ci və ya 6-cı əsrə aiddir. Bu, Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər Bintəpələr nekropolu ərazisindəki inventarda qeydə alınan digər əsərlərə bənzəyir. Qızıl boyunbağının tarixi və mədəni əhəmiyyəti var. Bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur".

Ləman

MİA.AZ