Türkiydə avqustun 31-də Prezident Ərdoğanın iştirak etdiyi Hərbi məktəblərin buraxılış mərasimlərində "Biz Mustafa Kamalın əsgərləriyik" deyə sloqan atan gənc leytenant rütbəli məzunlarla bağlı müzakirələr böyüyür.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tunç onlarla bağlı araşdırma aparılacağını istisna etməyib.
Nazir bildirib ki, əgər milləti narahat edən məsələ varsa, tədbir görüləcək: "Millətimizi narahat edəcək hərəkətlərdən, davranışlardan və rəftarlardan çəkinmək lazımdır. Əsl and qanunla tanınan anddır. Ona görə də, əgər yeni məzunların davranıında qanuna zidd bir vəziyyət varsa, müvafiq qurum bununla bağlı tədbir görəcək”.
Nazir əlavə edib ki, insanları narahat edəcək davranışlara imkan verməməliyik: "Bu mənada daha həssas olmalıyıq".
Xatırladaq ki, Milli Müdafiə Nazirliyindən bildirilib ki, avqustun 30-31-də Hərbi Akademiyanın buraxılış mərasimlərində məzunlaırn sloqanı ilə bağlı hər hansı araşdırma aparılmır.
Firudin Səfərli
MİA.AZ