İmzası yenidir. Ancaq həm bir ədəbiyyat adamı, həm də bir publisist kimi uğurları, fəaliyyəti çox böyükdür.
Söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Manya Səxavətqızından gedir. Haqqında danışmamışdan əvvəl deyim ki, yazılarından, TV çıxışlarından sonra mənə çoxlu müraciətlər gəlir:
- Səxavət müəllim, maşallah, istedadlı qızınız var.
Yaxud:
- Manya Səxavətqızı Sizin övladınızdır?
... Manya xanım İmişli rayonunun Buludlu kəndində çox hörmətli bir el ağsaqqalı, mərhum Qaraca kişinin nəvəsidir. Atası Səxavət Qaracaoğlu erkən dünyasını dəyişib (Allah rəhmət eləsin!)
O, on ildən artıqdır ki, ədəbi-bədii və publisistik yaradıcılıqla məşğuldur. "Vətən Fədailəri" layihəsinin rəhbəri, 11 kitabın müəllifidir.
Manya Səxavətqızı Vətən sevgili, dərdi-qəmi sevgi və nifrətə çevirməyi bacaran, yurd-yuva həsrətini misralarda nəğmələşdirən, yaradıcılığında uğur, dönməzlik təlqin edən bir şairdir. Elə ona görə də qələmində "Vətən mücahidləri", "Vətən Fədailəri" layihəsində işıq üzü görən kitablar Şəhidlik Zirvəsinə ayna tutan, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş Vətən oğullarının həyat və döyüş yolunu bizlərə tanıdan və sevdirən ən dəyərli əsərlərdir.
Hər şəhidimiz haqqında Manya Səxavətqızının yazısında həm də bir ana harayı duyuruq. O, şəhid ailələrinin ən yaxın dostu və sirdaşıdır.
Nə gözəl ki, şair-publisistin Qarabağ mövzusunda bütün yaradıcılığı- istər şeir olsun, istər oçerk, istər tədqiqat-məqalə və s. ümumtəhsil məktəblərində vətənpərvərlik aşılayan vəsaitlərdir. Biz hər zaman onun yaradıcılığından istifadə edirik.
Bu gün Manya Səxəvətqızının doğum günüdür. Biz onu və ailə üzvlərini bu əziz gün münasibətilə ürəkdən təbrik edib, uğurlar arzulayırıq. Bu günlər ailədə daha bir sevinc yaşandı, Manya xanımın övladı Aysu Mətləbli Qarabağ Universitetinin tələbəsi oldu. Bu başqa bir sevinc, başqa bir gözəllik! Uğurlar olsun!
Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü.
MİA.AZ