Kamerunun paytaxtı Yaunde şəhərində 29-30 avqustda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sessiya çərçivəsində çıxış edən Elnur Məmmədov Mavritaniyaya İƏT XİN Şurasına uğurlu sədrliyinə görə təşəkkür edib və yeni sədr ölkə Kameruna müvəffəqiyyət arzulayıb.
Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib.
O bildirib ki, Azərbaycan regionda davamlı sabitliyi təmin edəcək, tamhüquqlu regional normallaşma və əməkdaşlığa yol açacaq sülh və dövlətlərarası münasibətlərin bərqərar olması üçün fəal şəkildə çalışır. 2020-ci ildə silahlı münaqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənçiliyin nəticələrini aradan qaldırmaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb.
Nazir müavini Azərbaycanın təşəbbüs göstərdiyi və Ermənistana təklif etdiyi normallaşma prosesinə tam sadiqliyini vurğulayıb.
Çıxış zamanı, E.Məmmədov həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirib və sözügedən tədbirin üç il ardıcıl şəkildə İƏT-ə üzv dövlətdə keçirilməsinin diqqətəlayiq fakt olduğunu ifadə edib. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün mühüm mərhələ olduğunu ifadə edən nazir müavini, Azərbaycanın müxtəlif inkişaf səviyyələrinə və siyasi mənsubiyyətə malik ölkələrin birləşdirilməsində Qoşulmama Hərəkatına bu yaxınlarda yekun vurulmuş sədrlik təcrübəsindən istifadə edərək qlobal iqlim gündəliyinin irəliləyişində beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Nazir müavini çıxışında Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüslər irəli sürdüyünü və həmin təşəbbüslərdən birinin də İƏT Əmək Mərkəzinin yaradılması olduğunu söyləyib.