Mən cazmenəm, yalnız və yalnız musiqiçiyəm, pianoda ifa edirəm. Müslüm Maqomayevlə çalışmışam. “Qaya” qrupunda oxumuşam. İndi bir-iki mahnı ifa edərdim, ləzzət alardınız. Siyasət isə elə şeydir ki, hərdən çaşıram. Mənim üçün çox çətindir. Vallah, heç bizim ərazini təmsil edən deputatları tanımıram...”

Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, tanınmış cazmen Cavan Zeynallı 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı danışarkən deyib.

O, Əməkdar artist Elza Seyidcahanın parlament seçkilərinə namizədliyini irəli sürməsinə isə belə reaksiya verib: “Buna nə deyəsən? Nəsə deyəcəyəm, məni televiziyada söyəcək. Siyasətçilər ayrı adamlardırlar...”

C.Zeynallı insanların ona olan sevgisindən də bəhs edib: “Adamlar yol getməyə qoymurlar, şəkil çəkdirirlər. Qoyun rahat evimə gəlim. Bir tərəfi yaxşıdır. Amma bilmirəm evə hansı tərəfdən gedim, başıma nə keçirim ki, məni görməsinlər. Yayı şəhərdə olmuşam. Qusara da getdim. Orada bağım var. Həyat yoldaşımın vəfatından artıq iki il keçib. Hələ indi bir az özümə gəlirəm, amma çox çətindir...”