"Qəzzada atəşkəs danışıqları çökmədi, irəliləyiş var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi brifinqdə deyib.

O, Misirin paytaxtı Qahirədə aparılan danışıqların iflasa uğradığına dair suala cavabda bildirib ki, bu, əsassız xəbərdir: "Danışıqlarda heç bir çökmə, durma yoxdur. Tərəflər prosesi işçi qruplara ötürmək üçün kifayət qədər irəliləyiş əldə ediblər ki, vasitəçilərin prosesdə olmasına ehtiyac qalmasın. Danışıqlar o yerə çatıb ki, tərəflər artıq xırda detalları belə razılaşdırmaq üçün işçi qrupları yaratmaq üzrədirlər. Təbii ki, hələ görüləcək çox iş var, danışıqlar davam edir".

Kirbi deyib ki, danışıqlar prosesində İsrail ordusunun haradan və necə geri çəkiləcəyinə qədər bir çox mühüm detallar da müzakirə mövzusudur.

O, Hizbullah və İsrail arasında qarşılıqlı hücumların atəşkəs danışıqlarına təsir etmədiyini də sözlərinə əlavə edib.

Lamiyə Əhmədli

MİA.AZ