Uzun illər Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən sabiq deputat, hazırda rabitə nazirinin müavini olan Cavid Qurbanov bu dəfə YAP-ın siyahısı ilə yenidən deputat olmağa çan atsa da, ona "qapı göstərilib".

Mia.az xəbər verir ki, buna paralel olaraq YAP-ın Kəlbəcərdə tamamilə gözlənilməz namizəd irəıli sürməsinin Cavid Qurbanov tərəfindən narazılıqla qarşılandığı haqda xəbərlər də var.

Hərra ona yaxın şəxslərin həmin namizədə qarşı təbliğat aparmaları haqda xəbərlər var. İddiaya görə, bu, artıq bəzi dairələrdə ümzakir edilir. Təbii ki, bu, nazir müavini Cavid Qurbanova baha başa gələ bilər.

Görünür, bunu artıq hiss edən C.Qurbanov tələsik açıqlama verərək, Kəlbəcər dairəsində gərginlik yaratmaqda maraqlı olmadığını nümayiş etdirməyə çalışıb. Ancaq maraqlıdır ki, o, ikibaşlı açıqlamasında bir dəfə də olsun YAP-ın mamizədinə dəstək sözü işlətməyib. Hətta o, özünü rayonun sahibi və həlledici qərar sahibi kimi göstərib.

Belə ki, nazir müavini Gununsesi.info-ya rayondakı seçki barədə açıqlamasında ümumi danışıb, elə fon yaratmağa çalışıb ki, guya o, rayonun  ağsaqqalı olmaqla, namizədlər arasında fərq qoymur. Halbuki C.Qurbanov YAP rəhbərliyində təmsil olunan şəxs olmaqla, ortaya konkret mövqe qoymalı idi. Yəqin YAP onun aşağıda qeyd edilən şifrəli bəyanatını ciddi analiz edəcək. Və onun məramini öyrənməyə çalışacaq...

İndisə onun bəhs edilən açıqlamasına diqqət edək: "Əslən Kəlbəcərdən olan, o gözəl diyarın havasını udan, suyunu içən və bu gün vətənimiz, dövlətimiz, xalqımız, xüsusən kəlbəcərlilər üçün faydalı olmağa çalışan hər bir vətənpərvər gəncimizə dəstək olmaq hamımızın borcudur. Bu gün ölkəmizdə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük islahatlar həyata keçirilir, yüksək demokratik dəyərlər inkişaf etdirilir. Hazırda Milli Məclisə keçirilən seçkilərdə yüksək demokratik əhval-ruhiyyə və seçmək-seçilmək azadlığı hökm sürür. Gənclərimizin öz hüquqlarından istifadə edərək namizədliklərini irəli sürməsi, demokratik seçki mübarizəsinə qoşulması məni də fərəhləndirir. Buna görə də mən nəinki, Kəlbəcərin Millət Vəkili olmaq istəyən savadlı, vətənpərvər gənclərimizi, eləcə də ölkəmizə, xalqımıza cani-qəlbdən xidmət etmək istəyən, Ulu Öndərimiz Heydər Əliyevin və Qarabağı bizlərə bəxş edən Ali Baş Komandanımız İlham Əliyevin ideyalarına xidmət edən digər namizədləri də alqışlayır, onlara seçki marafonunda uğurlar arzulayıram”.

Samir Musayev

MİA.AZ