Rusiya Federasiyasının Baş Prokurorluğu Ukrayna əsilli keçmiş nasist əsgəri Yaroslav Hunkanın Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) axtarışda olanlar siyahısına daxil edilməsinə nail oluub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda deyilir ki, vaxtilə ən azı 500 keçmiş sovet vətəndaşının qətlində əli olan keçmiş nasist Hunkanın ekstradisiyası üçün ötən ilin dekabrında Kanada administrasiyasına sorğu göndərilib: "Lakin Kanada hakimiyyəti cəzanın qaçılmazlığı prinsipini pozaraq Hunkanı ekstradisiya etməkdən imtina edib. Bəzi ölkələrin nasizmə qarşı mübarizə aparmaq istəməməsinə baxmayaraq, baş prokurorluq onun barəsində beynəlxaq axtarışı qüvvəyə minməsinə nail olub. Soyqırımçılar cəzasız qala bilməz. Hunkanın hər hansı dövlətin ərazisində olduğu müəyyən olunarsa, Rusiya orqanları ekstradisiya sorğusu göndərəcək".

Xatırladaq ki, keçən il sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanada İcmalar Palatasındakı çıxışından sonra İcmalar Palatasının sədri Entoni Rota zalda olan 99 yaşlı ukraynalı Yaroslav Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib.

Ukrayna prezidenti Zelenski, Kanadanın baş naziri Castin Trüdo və parlament üzvləri tərəfindən alqışlarla qarşılanan Hunkanın İkinci Dünya Müharibəsində nasistlərin tərəfində vuruşduğu üzə çıxdıqdan sonra palata sədri sərt tənqidlərə məruz qalıb və o, istefa verməyə məcbur olub.

Daha sonra Kanadanın baş naziri Trüdo bu fakta toxunaraq Hunkanın alqışlanmasını utancverici sayıb.

Lamiyə ƏHMƏDLİ

MİA.AZ