Xalq artisti Yasin Qarayev Prezidentin ona hədiyyə etdiyi mənzilinə köçə bilmir. 

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu aktyorun özü bildirib. Yasin Qarayev bunun səbəbini evin "kupça"sının verilməməsi ilə əlaqələndirib:

"Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət olunub. Orada 22 mərtəbəli 7 bina var. Onlardan 5-nə "kupça" verilib, ikisinə isə verilməyib. Ərazidə qaz, su xətləri çəkilib, müdiriyyət yenidən dəyişilib. 8 ildə 8 dəfə belə dəyişiklik olub. Bir dəfə dəvət etdilər, getdim. Dedi ki, kommunal xidmətləri ödəməlisiniz. Dedim ki, yaşamadığım evə niyə pul ödəyim. Prezidentin verdiyi evin "kupça"sı hələ verilməyib. Hansı müdiriyyət gəlirsə, zəng edib ödəniş istəyir. Hamısına da eyni sözləri deyirəm. Mənzildə yaşamıramsa, niyə haqq ödəməliyəm? 8 ildir eyni sözü deyirlər mənə - "kupça" bu ay düzələcək, gələn ay düzələcək". Əsəbimdən həmin əraziyə də getmirəm".

Yasin Qarayev həmin mənzili iki qrup usta təmir edib: "Pulumu alıb qaçdılar, özümə nifrət elədim. Evimə 8 ildə 8 dəfə getməmişəm. Guya təmir olunub, bir gündədir ki... Baxırsan, divar kağızları qopub-tökülür, qapılar yerinə oturmur. Yenidən əməli-başlı təmir olunmalıdır. Uzaqdan baxıram, əhvalım pozulur. Ölkə başçısı bizə ev verir, amma tikinti şirkətlərinin hoqqalarının nəticəsində hədiyyə verilən evlərin aqibəti qaranlıq qalır".

MİA.AZ