1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Oruc seçicilərlə görüşlər çərçivəsində Məzahir Rüstəmov 20 küçəsində yerləşən “Rəngli Dünyam” adlı əl işləri mağazasını xanım sahibkarlarımıza dəstək məqsədilə ziyarət edib.
Mia.az-ın məlumatına görə, Azərbaycanda sənətkarlığın qədim tarixindən qısa söz açan deputatlığa namizəd kiçik bir məkanda nə qədər böyük təxəyyül dünyasının və zehni-fiziki zəhmətin birləşdiyini vurğuladı. O qeyd etdi ki, toxuculuq, xüsusilə xanımların zəngin yaradıcı və rəngarəng əl işləri, bir-birindən ilmə, çalar, naxış və əks etdirdiyi obrazların müxtəlifliyinə görə heyrətamiz şəkildə fərqlənən, bizi fərqli sehrlər aləminə aparan toxunma işləri milli mədəni varlığımızı qoruyub saxlayan ən güclü irsdir, əcdadlarımızın mirasıdır. Ona görə qadınlarımız sahibkarlıq fəaliyyəti ilə iqtisadi-sosial rifaha misilsiz tövhə verməklə yanaşı, daha çox nəsilləarası varisliyi təmin edir və mədəni sərvətlərimizin məhv olmaqdan sığortalayırlar, nəcib əlləri, könüllərinin və ürəklərinin istisi ilə hard disklərə çevirib toxunulmaz edirlər.
Xanım sahibkarın-gözəl və fidan 5 övlad böyüdən gənc ananın bir siyasət adamının onların sahibkarlıq fəaliyyətinə və təmsil etdikləri sənətkarlıq irsinə verdiyi dəyərdən məmnunluq ifadə edən Ləman Əzizova deputatlığa namizədin onların mağazasını ictimai vəkilləri ilə birgə ziyarət etməsindən hədsiz sevincini dilə gətirdi, dövlət adamlarında sadəlik və səmimiliyi ən ali keyfiyyət adlandırdı, bir qrup xanımla ərsəyə gətirdikləri və uşaqlarımızın mənəvi zənginliyinə, yaradıcı dünyasının inkişafına xidmət edən əməklərinə qiymət verdikləri üçün bütün qonaqlara təşəkkür etdi. O, xüsusilə müsbət nümunənin geniş yayılması üçün bütün informasiya platformalarında belə xəbərlərin tirajlanmasına ehtiyac olduğunu söylədi.
Sonda Zahid Oruc mağazadan müxtəlif suvenirlər və əl işləri aldı, yaxın dostlarını və həmkarlarını belə zəngin qalereyanı ziyarət etməyə çağırdı.
Sonda fidan balalarla xatirə şəkli çəkdirildi.