Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.
Aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb.
Yığmamızın qərarlaşdığı 30-cu yer olimpiadalar tarixində ən yaxşı nəticəmiz olub. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar./Report