Növbədənkənar parlament seçkilərində təşviqat üçün 5 155 daimi görüş yeri ayrılıb.
Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq:
"Təşviqat üçün 5 155 yer ayrılıb. Onların çoxu açıq havadadır. Qapalı məkanlar da Azərbaycanın bütün bölgələrində təsis edilib".
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.