İran prezidenti Məsud Pezeşkian İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə görüşündə Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı İsraili hədələyib, islam  ölkələrinə isə çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pezeşkiyan görüşdə Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin  qətlinə toxunaraq, İranın rəsmi qonağına edilən bu sui-qəsdin bütün beynəlxalq qanunlara zidd olduğunu təkrarlayıb: "Sionistlərin bu hədsizliyi caabsız qalmayacaq. Buna hər kəs əmin olsun. Təəssüf ki, azadlığın, demokratiyanın və insan haqlarının ən böyük düşmənləri bir tərəfdən bütün elmi və texnoloji güclərindən istifadə edərək, dünyanın hər yerində terror aktları törədir, digər tərəfdən isə özlərini azadlıq, demokratiya, insan haqları müdafiəçiləri olduqlarından bəhs  edirlər. Hesab edirəm, bütün islam ölkələri bu sui-qəsdi ən sərt şəkildə qınamalıdır...".

İran və İordaniya arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qabardan Pezeşkiyan deyib ki, bu yolla iki İslam ölkəsi bir-birinin potensialından faydalana bilər: "Bu əməkdaşlıqdan bölgə xalqları daha çox faydalanacaq”.

Nazir Safadi bildirib ki, İordaniya İranla əlaqələrini genişləndirməyə çalışır: "Biz regionda sabitlik, təhlükəsizlik və sülhün bərqərar olması üçün birgə işlərə önəm veririk. Ölkəmiz Haniyənin öldürülməsini ilk pisləyən ölkə olub. ordaniya İsrail rejiminin Qəzzaya qarşı vəhşi hücumlarını da ilk gündən şiddətlə qınayıb. Bu hərəkət Netanyahunun bölgədəki qarşıdurmaları genişləndirmək səylərinin bir hissəsidir".

Firudin Səfərli

MİA.AZ