Lider mobil operator uşaq evlərinin sakinlərində mütaliə vərdişləri formalaşdırır
“Azercell Telekom” MMC “Kitab Klubu” layihəsi çərçivəsində bölgələrdə yerləşən uşaq evlərinin sakinlərini ziyarət edir. Növbəti maarifləndirici tədbir Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərindəki 4 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan uşaqlar üçün keçirilib.
Mia.az-ın məluumatına görə, görüş çərçivəsində balacalarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına töhfə verən xüsusi proqram təşkil olunub.
Mütaliə saatında azyaşlılar Azərbaycan uşaq ədəbiyyatının parlaq nümunələri ilə tanış olub, maraqlı müzakirələrdə iştirak ediblər. Sonda Azercell tərəfindən uşaq evinin kiçik sakinlərinə hədiyyələr paylanılıb.
Lider mobil operator “Kitab Klubu” layihəsi əsnasında həm böyüklər, həm də balacalar üçün silsilə tədbirlərin keçirilməsini planlaşdırır. Xatırladaq ki, layihəyə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin uşaqları üçün həyata keçirilən tədbirdə start verilib.
Mədəni irsin qorunub saxlanmasına dəstək olan təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell bu istiqamətdə fəaliyyətini davam etdirəcək.