Keçmiş baş nazirin müavini və sabiq nazir Abdüllatif Şenerin oğlu Bedirhan Şener nənəsi Leyla Çetineri girov götürərək öldürüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Ankaranın Ayrancı səmtindəki evdə baş verib.
Məlumata görə, keçmiş nazirin oğlu ilə nənəsi Leyla Çetiner arasında mübahisə düşüb: "Mübahisə zamanı Bedirhan Şener nənəsi Leyla Çetineri tapança ilə girov götürüb. Hadisədən xəbər tutan Abdüllatif Şener polisə zəng edərək vəziyyəti xəbər verib. Hadisə yerinə çoxlu sayda polis sövq edilib. Lakin onların Bedirhan Şeneri yola gətirməsi mümkün olmayıb. Sabiq nazirin oğlu nənəsini güllələyərək öldürüb".
Qan donduran hadisədən sonra "Sözcü" qəzetinə açıqlama verən Abdüllatif Şener oğlunun psixoloji problemləri olduğunu deyib: "Oğlum qarşısındakı şəxsin nənəsi olduğunu bilməyəcək qədər psixoloji probemi olan biridir. Çox təəssüf edirik. Bu, ağır bir hadisədir. Oğlum anasını deyil, nənəsini öldürüb...”.
Abdüllatif Şener 1954-cü ildə Sivasın Yıldızeli rayonunda anadan olub. Atasının adı Bədirhan, anasının adı Əhzərətdir. Sivas İmam Hatip Liseyini bitirmiş və 1977-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin İqtisadiyyat və Maliyyə bölməsində bakalavr təhsilini tamamlamışdır.
2001-ci ildə qurulan AK Partiyanın qurucuları arasında olub. 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Sivas millət vəkili seçilib. 2002-2007-ci illərdə Abdullah Gül hökumətində və Ərdoğan hökumətində dövlət naziri və baş nazirin müavini vəzifələrində çalışıb. 2007-ci ildə keçirilən seçkilərdə namizəd olmayıb və AK Partiyadan istefa verib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasından Konya millət vəkili seçilib.
Ailəlidir və dörd övladı var.
Firudin Səfərli
MİA.AZ