“İşim-gücü şeir yazmaqdır. İlham pərisi gələndə yazıram, gəlməyəndə otururam evdə, oluram adi vətəndaş. Mən şeir yazanda şair oluram (gülür). İlham pərisi iştah kimi bir şeydir, bilmirsən nə vaxt gəlir? Gecə gəlir, gündüz gəlir.. Kefi istəyəndə gəlir. Şeir yazmayanda kitab oxuyuram, nəvələrlə gün keçirirəm, dostlarımla görüşürəm. Dost elə bir məvhumdur ki.. İllərlə onlarla görüşməsən də bilirsən ki, sən onlarla dostsan. Mənim dostluqda və düşmənçilikdə problemim yoxdur”

Mia.az-ın məlumatına görə, bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib. O daha sonra əlavə edib.

“Hər verilişə getmirəm. Tok-şoulardan xoşum gəlmir. Çünki orada gedib təlxəklik etməlisən. Bu mənlik deyil. Efirlər bərbad vəziyyətdədir. Ciddi 1-2 kanal var. Efirləri döndəriblər hərəmxanaya.. Adam getmək istəmir. Bütün telekanalların sanki vəzifəsi Azərbaycan ziyalısının və vətəndaşının səviyyəsini aşağı endirməkdir. Onlar mədəniyyəti yaymağın yerinə, mədəniyyətsizliyi yayırlar. Bu çox təəssüf doğuran bir məsələdir. Mənə elə gəlir ki, tək Vahid Əziz yox, Azərbaycanın bütün ziyalıları bunu deməlidir. Mən də deyirəm, Baba Vəziroğlu da deyir, Ramiz Rövşən də deyir, Anar müəllim də deyir.. Amma televiziya rəhbərləri neynir? Sağ qulaqdan alır, sol qulaqdan buraxırlar. Başa düşə bilmirəm. Bununla kimsə məşğul olmalıdır görək bunlar niyə belə edirlər?!

Bir idealogiya olmalıdır. Azərbaycanın beynəlxalq, xarici siyasəti nə qədər güclüdürsə, daxili idealogiyası da o qədər zəifdir. Bu televiziyalarla, verilişlərin səviyyəsi ilə hansı idealogiyanı hazırlamaq olar?! Efirdə qız oturur, cüvəllağının biri gətirib sinəsinə pul tökür, o da dinqildəyir. Belə şey olar?! Mənim heç kəsin əxlaqı ilə işim yoxdur. Müğənniyə gətirib maşın bağışlayırlar. Adamdan soruşarlar ki, bunu hansı pulla almısan?! Heç eşitmisinizmi bir oliqarx, iş adamı şairin, yazıçının kitabının çapına kömək etsin?! Əlbəttə ki, etməz. Belə olan halda mən hansı kanala gedim? Hansı efirə çıxım? Hansı əxlaqdan gedib danışım?! Əgər çıxış etdiyim verilişi bağlayırlarsa hansı mədəniyyətdən danışım? Deyirlər ki, Vahid müəllim, sizin sözlərinizə ehtiyacımız var. Xalqın bizim sözümüzə ehtiyacı var, amma kanal rəhbərlərinin bizlərə ehtiyacı yoxdur. Mən başa düşə bilmirəm ki, bu telekanallara çıxan müğənni və aparıcılar erməni keşişinin tələbələridir?! Azərbaycanda görünür saqqal vergisi qoymaq lazımdır. Birinci Pyotr saqqal vergisi qoymuşdu. Bu nədir belə?! Hamı saqqallı efirə çıxır! Kimə yas saxlayırlar?! Başa düşə bilmirəm. Aparıcı da saqqal buraxar? Nazir də saqqal saxlayar?! Vahid Əziz deyir, sonra da olur pis adam” deyə xalq şairi deyib.