Bavariyanın paytaxtı Münxenə hazırda 3 mindən yuxarı ictimai fəal, dövlət qurumlarının nümayəndələri və dərman şirkətləri toplaşıb.
Mia.az-ın əməkdaşı Münxendən xəbər verir ki, toplantı iştirakçıları dünyanın vacib problemlərindən biri o olan AİDS/HİV, yəni, insanın immunçatışmazlığı virusu (İİV) ilə mübarizədən danışır, profilaktika, müayinə və müalicəyə əlçatanlıq, İİV-lə yaşayan insanlara münasibətdə stiqma və diskiminasiyanın qarşısının alınmasını, dünya dövlətlərinin bütün bu işlərə maliyyə dəstəyinin mövcud vəziyyətini müzakirə edir.
Münxen hazırda bu mövzulara dair olduqca vacib qərarların qəbul olunmasına şahidlik edə bilər. Çünki artıq "AİDS2024" adlanan 25-ci AİDS konfransın açılışında spikerlər çoxmənalı replikalar edib və dərman şirkətləri ilə əməkdaşlıq sahəsində problemlərə eyham vurublar. Məlum olduğu kimi, İİV virusunun peyvəndi hələ də kəşf edilməyib və bu virusla yoluxma ömürlük xəstəlik hesab edilir. Üstəlik, İİV-lə yaşayan insanların yaşaması üçün vacib olan antiretrovirus (ARV) preparatlar da bütün ölkələr üçün əlçatan deyil.
Bu gün konfransın həmsədrləri Şeron Levin, Kristof Spinner və Andrey Klepikov açılış nitqinə bir az pessimist notlarla başlasalar da, Almaniya kansleri Olaf Şolts nikbin danışdı, xüsusi vurğularla ölkəsinin İİV-lə mübarizə sahəsində nailiyyətlərindən və liderliyinə diqqəti yönəltdi.
Amma BMT-nin İİV-lə mübarizədə birləşmiş qurumu olan UNAİDS-in icraçı direktoru Vinni Byanima özünəməxsus yumşaq notlarla dərman şirkətlərini ağır şərtlərini demək olar ki, yıxıb sürüdü. Uqandalı hüquq müdafiəçisi və transgender Cey Muluxa isə dedi ki, hər şeydən əvvəl insanların marağı qorunmalıdı, İİV problemini qazanc yerinə və biznesə çevirmək olmaz.
Məşhur alman aktrisası və aparıcı Annabel Mandenq və UNAİDS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə xoşməramlı səfiri Vera Brejneva açılış mərasiminin yaraşıqlı moderatoru oldular. Hazırda Qəzza bölgəsində və Ukraynada müharibə səbəbiylə həlak olan tibbi, humanitar və könüllü personalın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonda məşhur bavar rəqqaslar "The Schwuhplattler" oynadı.
Ümumiyyətlə, bu dəfəki konfrans bir sıra üstüörtülü və açıq siyasi notlarla müşahidə olunur. Baxmayaraq ki, AİDS problemi ilə mübarizədə donor olan təşkilatlar siyasi motivli fəaliyyəti qadağan edir, amma Ukraynadakı hazırkı duruma yönəlik mesajlar kifayət qədərdi. Konfransın ukraynalı həmsədri çıxışını tamamilə ölkəsində müharibə səbəbiylə yaranan duruma həsr etdi.
Açılış mərasimindən öncə konfransı müxtəlif tanınmış şəxslər, o cümlədən Monako şahzadəsi Stefaniya ziyarət edib.
Azərbaycanı tədbirdə dövlət qurumları və Qeyri-hökumət təşkilatlarından (QHT) ibarət heyət təmsil edir.
Zülfiyyə
MİA.AZ