"Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır: "Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".
***
"Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir".
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
“Hələ 2021-ci ildə biz müvəqqəti yanaşma kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında qonşuluq münasibətləri yarada bilər”, – o qeyd edib.
Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?”, – H.Hacıyev vurğulayıb((Report).